13 yanvar 2020-ci il tarixdə “20 Yanvar – Ümumxalq hüzn günü”nün 30-cu ildönümü ilə əlaqədar olaraq Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Fariz Bünyatov Azərbaycanın suverenliyinin və istiqlaliyyətinin rəmzi olan 20 Yanvar tarixinin mahiyyəti barədə kurs üzvlərinə ətraflı məlumat verərək bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. O zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev güclü siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə tənqid etdi.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra isə Heydər Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi, Şəhidlər xiyabanı yenidən quruldu, “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.
Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət kursunun” rəhbəri Gündüz Nəcəfov çıxış edərək qeyd etmişdir ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar.
Sonda “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında 20 Yanvar faciəsindən bəhs edən ifasında “Zəfər gecəmiz” adlı ədəbi-bədii şeir kompozisiya nümayiş etdirildi.
Qeyd edək ki, “Zəfər gecəmiz” adlı ədəbi-bədii şeir kompozisiyanın 16 yanvar 2020-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində, 17 yanvar 2020-ci il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissədə, 20 yanvar 2020-ci il tarixdə isə Ağcabədi rayonu Şəhidlər xiyabanı-abidə kompleksində keçiriləcək tədblərdə də nümayişi nəzərdə tutulur.