İdeoloji Mərkəz olaraq “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlərimizin, xüsusən də sərgi, səyyar sərgilərimizin təşkili davam etdirilir. Mərkəzin ekspozisiya zalında ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərindən, onun siyasi sahələrdə yorulmaz fəaliyyətini əks etdirən kitab və jurnallardan, dahi liderin Ağcabədiyə səfərlərindən bəhs edən fotoşəkillərdən, eyni zamanda Mərkəzin kurs üzvlərinin ümummilli liderə həsr olunmuş əl işlərindən ibarət guşə hazırlanıb. Qeyd edək ki, sərgi nümayişi il ərzində davam etdirələcək, hər birinizi sərgimizlə yaxından tanış olmağa dəvət edirik.
2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və xanımı Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyləri qeyd olunur, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb. Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim, həkim kimi yeni bir nümunə ortaya qoyub. Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, bütün həyatı boyu Hippokrat andına olan sədaqətini nümayiş etdirən akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. O, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına da böyük əmək sərf edib. Zərifə Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb və bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara.
İlk səyyar sərgimiz 03 aprel 2023-cü il tarixində M. Aranlı adına 11saylı tam orta məktəbin foyesində təşkil edildi. “Heydər Əliyev -100 il” başlıqlı sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid kitablar, fotokitablar, fotoşəkillər və jurnallar nümayiş olundu. Şagirdlərə eksopanatlar haqqında əməkdaşlar tərəfindən dolğun məlumat verildi.
Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir çox məsələlərə toxunub.
Prezident bildirib ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.
Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib.
Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı.
Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib.
Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”nə münasibət bildirən dövlət başçısı qeyd edib ki, bu pandemiya ilə mübarizədə ciddi maneədir. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu.
Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib.
2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Prezident bildirib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Bu gün neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamalı və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməlidir. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.
Hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir.
Azərbaycan BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.
Suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub əməkdaşlığı daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib.
İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər.
COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək. Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır.
Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.
2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.
İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni, 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir.
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatının səsini qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edir.
Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzində keçirilən festivalın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, və bu sahədə onların inkişafına kömək etməkdir.
Festival mərasimində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin direktoru Günel Kərimova, Hacıbədəlli kənd Uşaq musiqi mərktəbinin direktoru Məhbubə Əliyeva, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin drektoru Fəridə Allahverdiyeva çıxış edərək festivalın Azərbaycan mədəniyyətinin gənc nəsil arasında təbliğ edilməsində mühüm əhəmiyyəti olduğunu qeyd etmişlər.
Festival çərçivəsində yaradıcı gənclərin rəsm əsərlərinə baxış keçirilmiş, yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmişdir.
Sonda isə Heydər Əliyev Mərkəzinin Lalər rəqs kursunun iki üzvü 2-ci yerlə təltif edilmişdir.
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Qəbul zamanı ölkə başçısı bildirib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.
İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Laçının işğalı AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsidir. Sözügüdən partiyalar cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi.
Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.
Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Beynəlxalq vasitəçilər ATƏT-in o vaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu. Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər.
Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi.
Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır.
Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə özümüzü gücləndiririk və bu mövqelərdə qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.
İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir.
Qarabağ ermənilərinin nümayəndələrinin xahişi təmin edilmişdir. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər görülən tədbirlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq.
Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik.
Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq.
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir.
Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur- su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır.
Bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır.
Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.
Yeni idarəetmə üsulu tətbiq edilməlidir. Gələcəkdə yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.
30 Mart tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Toplantı iştirakçıları ilk öncə Bayraq Muzeyinin foyesində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto, rəsm və kitablardan ibarət sərgi ilə tanış olublar. Mərkəzin bələdçisi Səbinə Mamedova eksponatlar haqqında qonaqlara ətraflı məlumat vermişdir. Daha sonra Konfrans ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb. Daha sonra tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin başçıcı Rafil Hüseynov tərəfindən açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də dövlətimizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon rəhbəri milli özünüdərk və Azərbaycançılıq məfkurəsinin formalaşmasında dahi liderin əvəzsiz xidmətindən ətraflı söz açıb.
Məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, onun yorulmaz siyasi fəaliyyətindən geniş söz açıb. Natiq bildirib ki, müasir, güclü Azərbaycanın qurulmasında, inkişaf etməsində dahi şəxsiyyətin misilsiz xidmətləri qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətlədirilib və Vətənini sevən hər kəsin yaddaşına ömürlük həkk olunub.
Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev, şəhər 5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək Heydər Əliyev ideyalarının, uzaqgörən siyasətinin uğurlu bəhrəsi olaraq Azərbaycanın Avropa, eləcə də dünya arenasındakı hazırkı yüksək nüfuzundan və söz sahibi olmasından danışıblar. Çıxışçılar eyni zamanda bildiriblər ki, nə qədər ki, Azərbaycan xalqı var, insanlar tərəfindən dahi rəhbərə olan sonsuz sevgi və dərin ehtiram heç zaman azalmayacaq. Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfransın işini qənaətbəxş olduğunu vurğulayaraq iştirakçılara öz təşəkkürünü bildirib.
30 mart 2023-cü il tarixində Ağcabədi rayon Gələbədin kənd orta məktəbinin şagirdləri və müəllim kollektivi mərkəzi ziyarət etdilər. Ekskursiya zamanı mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən ziyarətçilərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbəycana müxtəlif illərdəki rəhbərlik dövrləri haqqında ətraflı məlumat verildi.