“Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.”
HEYDƏR ƏLİYEV
Hər bir xalqın tarixində öz müqəddəratını həll etdiyi bir gün var. Bu gün həm də özünütəsdiqdir. Bu gün həm də bir millətin öz dövlətini və müstəqilliyini qorumaq üçün atdığı soyuqqanlı addımın bəhrəsidir. 15 iyun Qurtuluş Günü də məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi bir gündür. Bu günün özəlliyi isə birbaşa əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bir çağırışla xalıqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətinin dünya xəritəsində silinmək təhlükəsindən xilas edən ümumilli lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı reigonun liderinə çevirdi.
Tarixə nəzər salarkən Heydər Əliyevin necə ağır bir dövrdə hakimiyyətə qayıtdığının şahidi oluruq. O vaxtkı Azərbaycanın durumunu hamımız yaxşı xatırlayırıq. Azərbaycan 1993-cü ilin iyununda sözün əsl mənasında məhv olmaq, parçalanmaq ərəfəsindəydi. 1992-ci ilin may-iyun aylarında zorakı vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün yaratdığı hərcmərclik Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü ilin iyunun 15-nə qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarlə qarşılaşmışdı. Daxilimizdəki satqınlar Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Məsələn, əvvəllər Xalq Cəbhəsinin fəallarından olan Əlikram Hümbətov adlı birisi Lənkəran bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. Belə böhranlı hallardan biri də 1993-cü ilin iyununda baş vermişdi. 1992-ci ilin mayında Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdıran AXC-Müsavat cütlüyü düz bir il sonra Xalq Cəbhəsinin digər nümayəndəsi, hətta əvvəllər “Milli Qəhrəman” adı verilmiş Surət Hüseynovun qiyamı ilə devrilmişdi. Vətən övladları iki cəbhəyə bölünmüş, əldə silah üz-üzə dayanmışdılar. Qardaş qırğını başlamaqda idi. S.Hüseynov hələ Bakıya çatmamış dövləti, ölkəni, xalqı qoyub qaçan AXC-Müsavat rəhbərləri yalnız özlərini xilas etmək barədə düşünürdülər. Azərbaycan sözün əsl mənasında başsız qalmışdı. Düşmənlər də bundan istifadə etmək fürsətini əldən vermirdi.
Bundan başqa onlar yarıtmaz fəaliyyətlərini fəliyyətlərini ört-basdır etmək üçün xalqın yeganə nicat yolu olan Heydər Əliyevə qarşı kampaniya aparırdılar. Azərbaycanı hökm sürən dərəbəylikdən, özbaşınalıqdan xilas etmək onlar üçün əsl problemə çevrilmişdi. Bir-birinin ardınca baş verən hakimiyyət dəyişiklikləri, təsadüfi, heç bir idarəçilik təcrübəsi olmayanların hakimiyyətə yiyələnmələri, dövlət çevrilişlərinə cəhd, vəzifədən sui-istifadə edərək reket, qaçaqmalçılıq, terror, adam oğurluğu və s. kimi cinayətlər ölkədə adi hala çevrilmişdi. Qısa müddət ərzində ölkənin varidatı amansız surətdə talan edilmişdi. Torpaqlarımız hərraca qoyulur, xəyanət nəticəsində bir-birinin dalınca işğalçıların əıinə keçirdi.
Beləliklə, Xalq Cəbhəsinin içində, keçmiş silahdaşlar arasında baş verən qarşıdurmalar 1993-cü ilin iyununda Gəncə üsyanıyla nəticələndi. Mövcud siyasi-iqtisadi və sosial böhran hakimiyyətin fəaliyyətini iflic vəziyyətə gətirib çıxardı. Baş nazir, Milli Məclisin sədri, bütün güc nazirliklərinin rəhbərləri istefaya göndərildi, ölkə faktiki cəhətdən idarəolunmaz hala düşdü. AXC-Müsavat cütlüyünün həyata keçirdiyi tədbirlər cəmiyyəti dərin uçurum qarşısında qoydu. Ölkədə yaranan ictimai-siyasi xaos, anarxiya, zorakılıq və s. nəticə etibarı ilə vətəndaş qarşıdurmasının reallaşmasına, Azərbaycanın erməni təcavüzkarlarına qarşı apardığı ədalətli müharibədə məğlubiyyətə uğramasına, hakimiyyətin tam iflasına gətirib çıxardı. 1993-cü ilin iyununda artıq Azərbaycan dövlətçiliyi ən ağır böhran və dağılma təhlükəsi ilə üzləşdi. Ölkə vətəndaş müharibəsi və parçalanma həddində idi. Məhv olma təhlükəsi qarşısında qalan Azərbaycan dövlətçiliyi dəhşətli, təhlükəli vəziyyətdən ümummilli liderimiz Heydər Əliyevin hadisələrə fəal müdaxiləsi ilə çıxdı. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, paytaxdakıların heç biri – nə iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxalifət partiyaları ölkənin düşdüyü iflic vəziyyətindən çıxara bilməyəcək.
Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərakatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərakat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafına toplaşırdı.
Həmin vaxt artıq hər kəsin nəzərləri Naxçıvana – böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikildi. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etdilər. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şüphə etmirdi. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi və buna görə də ölkənin və xalqın bu bəladan qurtulması, dövlətin xilas edilməsi məsələsində oynayacağı rolu da, onun gücünü də hamı aydın dərk edirdi. Nəhayət 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı –alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs”qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərakatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi.Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Qeyd etdiyimiz kimi AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalamaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
İyunun 4-də qiyamın yatırılması, ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından xilası ayın 9-da Naxçıvandan Bakıya dəvət edilən Heydər Əliyevin üzərinə ümummilli vəzifə borcu qoydu. Hamı kənara çəkilmişdi, çünki Heydər Əliyevdən başqa birisinin bacaracağı iş yox idi. Heç kim risk edib S.Hüseynovun qiyamçı dəstəsinin qarşısına çıxmaq istəmirdi. Böyük öndər həmin günlərdə bütün ölkənin o, cümlədən AXC-Müsavat yetkililərinin nicat umduğu yeganə şəxs idi.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Silaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altına qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İnamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənmisinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi. Bu, artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta iş o yerə çıxmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi. Onları nəinki həm siyasi, həm də fiziki ölümdən məhz Heydər Əliyev xilas etdi.
“Əgər mən bu işə öz vicdanımın tələbi ilə və ən çox Azərbaycan əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, deməli, mən burada bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şüphəsi olmasın” – deyən Heydər Əliyev öz missiyasını yerinə yetirməyə başladı və cəmi bir neçə gün ərzində ölkədə sabitlik yaratdı.
Xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gələn dövlətçiliyin xilaskarı olan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu, Azərbaycanın qurtuluş anı idi və iyunun 15-i tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Ölkə rəhbəri iyunun 18-də Bakını tərk edib Kələkiyə gedəndən sonra Heydər Əliyevin üzərinə düşən yükün ağırlığı daha da artdı. İyunun 23-də Azərbaycan Ali Soveti bu quruma rəhbərlik edən Heydər Əliyevə ölkə prezidentinin səlahiyyətlərini həyata keçirməyi həvalə etdi. Böyük şəxsiyyət iyunun 24-dən MM-in qərarı ilə prezidentin səlahiyyətlərini həyata keçirməklə artıq bütün dövlət strukturlarına rəhbərlik edirdi.
Bununla da xalqın istəyi, təkidi və tələbi ilə Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldi. Millət və dövlət çətinliklərdən xilas oldu, xalqın istəyi, arzusu çin oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Bəli, məhz 1993-cü ilin 15 iyununda gənc və kövrək, ancaq gerçək müsstəqillik tariximizin əsası qoyuldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində həlledici dönüş oldu. Ümummilli lider hakimiyyətə gələndən sonra ağır vəziyyətdə olan ölkənin qarşısında duran əsas problemlər mərhələli şəkildə həll olunmağa başladı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Əlikram Hümbətovun elan etdiyi qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə əhalisinin təzyiqi ilə ləvğ olundu. Ölkənin şimalında fəallaşan “sadval”çıların separatçı hərəkətlərinin və “Car-Balakən Respublikası” (Ləzgistan) yaratmaq cəhdlərinin qarşısı alındı. Müxtəlif şəxslərin və siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr məhv edildi.
1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra onun fəaliyyəti daha da genişləndi və Azərbaycan dövlətinin yeni əsaslar üzərində qurulmasının Heydər Əliyev dövrü başlandı. Gərgin zəhmətin, siyasi kamilliyin və müdrikliyin sayəsində çox az vaxtda Heydər Əliyev iflic vəziyyətə salınmış hakimiyyət maşınını yenidən hərəkətə gətirdi, xalqın başı üstünü alan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, vahid mərkəzdən idarə olunan dövlət icra strukturu yaratdı, etnik parçalanmaların qarşısına sipər çəkdi, milli ordumuzu yenidən qurdu, 1994-cü ilin mayında atəşkəsə nail olaraq bütün səyləri ölkədə daağılmış iqtisadiyyatın yenidən qurulmasına səfərbər etdi. Bütün bunlar Heydər Əliyevin böyük yaradıcılıq və təşkilatçılıq potensialının, gərgin fiziki əməyinin, siyasi qüdrətinin bəhrəsi idi və onun sağlamlığı bahasına əldə edilirdi.
Heydər Əliyev əqlinin qüdrəti ilə ölkənin neft strategiyası işlənib hazırlandı. Neft strategiyasının başlıca məqsədi Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının xalqın istifadəsinə verilməsi idi. Heydər Əliyev çox az vaxtda bu çətin və şərəfli vəzifənin öhdəsindən gəldi. 20 sentyabr 1994-cü il Heydər Əliyev iradəsinin gücü ilə Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün möhtəşəm “Gülüstan”sarayında dünyanın 14 ölkəsindən 33 iri neft şirkətinin iştirakı ilə- “Amako”, “Penzoil”, “BP”,”Reemko”, “Statoyl”, “Lukoyl”, “Türk Petrolları” və s. nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı.
Heydər Əliyev bu dövrdə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını işləyib hazırladı. Bu, Azərbaycan dövlətinin beynəlxalq normalara uyğun olan ən demokratik konstitusiyası olmalı idi. Konstitusiya layihəsi işlənib hazırlandıqdan sonra, ümumxalq müzakirəsinə verildi və 1995-ci ilin 12 noyabrında referendum keçirilərək qəbul edildi.
Az sonra Heydər Əliyevin rəhbərliyi ilə xırda və orta dövlət müəssisələrinin özəlləşdirilməsinə və ölkədə sahibkarlığın inkişafına önəm verildi. Azərbaycan vətəndaşlarına 7,5 milyondan çox özəlləşdirmə payı verildi və ölkənin bütün əhalisi özəlləşdirmədə pulsuz iştirak etmək hüququ qazandı. Hərraclar təşkil edildi və 41 mindən çox müəssisə öz yeni sahibini tapdı.
Bu dövrdə aqrar islahatlar da böyük vüsət aldı. Müvafiq qanunlar qəbul edildi və həmin qanunlara uyğun olaraq ölkədə 850 mindən yuxarı ailə torpaq mülkiyyətçisi oldu. Ailə-fermer təsərrüfatı sürətlə inkişaf etməyə başladı.
Heydər Əliyevin siyasi qüdrəti sayəsində ölkədə azad vətəndaş cəmiyyəti formalaşdı. Siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının və digər vətəndaş cəmiyyətlərinin sərbəst fəaliyyətinə önəm verildi.
Bir sözlə, ümummilli lider Heydər Əliyev özünün siyasi potensialının, zəngin dövlətçilik təcrübəsinin və dönməz iradəsinin sayəsində Azərbaycan Respublikasının fəlakətdən qurtararaq, qısa bir zamanda onu dünyanın ən sivil və demokratik dövlətləri sırasına çıxarmışdır.
Heydər Əliyevin qayıdışı Azərbaycana nə verdi? Bu suala Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu öyrənməklə də cavab tapa bilərik. 1993-cü ilin iyununda “Bu ağır vəziyyətdən çıxmaq üçün mən – baxmayaraq ki, mən bunu istəmirəm, – Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yolla ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur” – deyə bəyan edən Heydər Əliyev xalqın müdrikliyinə və böyük potensialına arxalanaraq hamını birləşdirdi və ölkəni əvvəlki vəziyyətdən çıxarmağa nail oldu. Heydər Əliyev siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi, xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı. Heydər Əliyevin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı.
Heydər Əliyevin gəlişindən sonra Azərbaycanın taleyi ilə pərdəarxası oyunlara son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, dövlət kriminallaşmaqdan xilas edildi, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Dövlət müstəqilliyi qorunub saxlandı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi.
Böyük Öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını təmin etdi.
Ümummilli liderin siyasəti hər bir vətəndaşa azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan, sosialyönlü dövlət qurmaqdan ibarətdir. İqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması və inkişafının təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr idi.
İndi regionda heç bir layihə Azərbaycanın razılığı və ya iştirakı olmadan həyata keçə bilməz. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu, Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu.
Bütün bunlardan belə nəticə çıxarmaq olar: əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın bir dövlət kimi parçalanıb məhv olmaq təhlükəsi reallaşacaq, indiki qüdrətli dövləti qurmaq mümkün olmayacaqdı. Prezident İlham Əliyevin sözləri ilə desək – “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşaayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Siyasi proseslərin stabilləşdiyi dövr artıq Azərbaycanın iqtisadi həyatında inkişafına təkan verdi. Müstəqil Azərbaycanda iqtisadi islahatların keçirilməsi, inflyasiyanın dayandırılması, aqrar sahədə quruculuq işlərinin aparılması məhz Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi. Dünyanın aparıcı dövlətləri ilə ikitərəfli müqavilələr imzalandı və xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit ayırmağa, investisiya yatırımına start verdi.
Bu gün Azərbaycan ildən-ilə artan dövlət büdcəsinə, sürətlə yüksələn əməkhaqqı və müavinətlərə, etibarlı iqtisadiyyata, siyasi sabitliyə, güclü orduya, ciddi beynəlxalq imicə, zəngin insani və intellektual potensiala malik ölkədir. Ötən illərin aydın, düşünülmüş və effektiv siyasəti nəticəsində 1993-cü ildə parçalanma və regionun, dünyanın xəritəsindən silinmə təhlükəsilə üz-üzə qalmış Azərbaycan bu gün tək Cənubi Qafqazın deyil, postsovet məkanın və onun əsasən Qərbə inteqrasiyaya can atan hissəsinin ən aparıcı dövlətlərindən birinə, bəlkə də birincisinə çevrilmişdir.
Heydər Əliyevin Azərbaycanımıza yenidən rəhbərliyə qayıdışı xalqımızın istiqlal mübarizəsində ən mühüm hadisə idi. Bununla, əslində, istiqlal mübarizəmizin tarixində əsaslı dönüş baş verdi, qurtuluşumuz başlandı. Bu qayıdışla Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, arzuları gözündə qaldı. Heydər Əliyev rəhbərliyə qayıdan kimi, dərhal, son dərəcə ağıllı və cəsarətli tədbirlər gördü. Yurdumuzda vətəndaş müharibəsi qorxusunu aradan qaldırdı. Xalqımız rahat nəfəs aldı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları pozuldu.
Xalqımızın Qurtuluş mübarizəsinə başçılıq edən dahi dövlət xadimi Heydər Əliyevin gecəli-gündüzlü yorulmaz səyləri nəticəsində həm Azərbaycanımızın daxili, həm də xarici siyasətində əsaslı dönüş yaranmışdır. İndi müstəqil dövlətimizi dünyanın hər yerində tanıyırlar. Xalqımızın dahi oğlu Heydər Əliyevə dünyanın böyük siyasət adamları da dərin hörmət bəsləyirlər. Dünyanın bir çox dövlətlərinin paytaxtlarında beynəlxalq təşkilatların binaları qarşısında Üçrəngli dövlət bayrağımız əzəmətlə dalğalanır. Bu bayraq həm də tarixi Azərbaycan torpaqlarında yaşayan həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının həmrəylik və birlik bayrağıdır. 40 milyonluq böyük Azərbaycan xalqı indi bu bayraq altında birləşir. İstiqlal döyüşlərində şəhid olmuş qəhrəman Vətən övladlarının qanı bahasına qazanılmış azadlığımızın, müstəqilliyimizin müqəddəs simvolu olan Üçrəngli, ay-ulduzlu bayrağımız altında!
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.