Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.
Heydər Əliyev ədəbiyyatdan da, teatr və kino sənətindən də, musiqi və rəssamlıqdan da bəhs edəndə həmin sahələrə məhz dövlətçilik mənafeləri baxımından yanaşırdı. Azərbaycan dili, ədəbiyyatı, mədəni-mənəvi dəyərləri ümumilli liderin azərbaycançılıq fəlsəfəsinin, müstəqil Azərbaycanın milli və dövlət ideologiyasının əsas məxəzləri, bədii-fəlsəfi mənbələridir.
Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi. Onun bir fikri bütövlükdə ədəbiyyata, zəngin söz sənətimizə münasibəti üçün epiqraf “Bu gün ümumiyyətlə, müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xaıqımıza birinci növbədə ədəbiyyatdan keçir.” Bu fikir olduqca doğrudur, Azərbaycan ədəbiyyatının tarixdəki ideya-bədii rolunu son dərəcə böyük dəqiqlik və obyektivliklə əks etdirir.
Məhz Heydər Əliyevin böyük nüfuzu sayəsində XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinə – Süleyman Rəhimova, Rəsul Rzaya, Mirzə İbrahimova, Süleyman Rüstəmə o dövrün ən şərəfli mükafatı – Sosialist Əməyi Qəhrəmanı adları verildi. Ədəbiyyatımız və mədəniyyətimiz dünyanın ən qabaqcıl mədəniyyətləri sırasına yüksəldi.
Dünyanın böyük yazıçılarından biri, nəhəng türk ədibi Çingiz Aytmatov “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir” deyirdi. Bu həqiqətən belədir. O, dünyanın qədim, böyük türk eposu “Kitabi–Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu sübut etdi, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail oldu. Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, türkləri birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyanı ortaya qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi bütün dünyada qeyd olundu. 2 noyabr 1994-cü ildə 80-dən artıq millətin nümayəndəsi iştirak edən Türkiyə Böyük Millət Məclisindəki çıxışında H.Əliyev demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət–ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır.” Böyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, Cavidlər məqbərəsinin tikilməsi, Bakıda böyük hürufi şair İmadəddin Nəsimiyə, romantik şair Hüseyn Cavidə, Nəriman Nərimanova, Cəfər Cabbarlıya möhtəşəm heykəllər qoydurması Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına qayğısının böyük təzahürü idi.
Heydər Əliyev müasiri olduğu yazıçılara da xüsusi qayğı ilə yanaşmış, onları yüksək dövlət mükafatları ilə mükafatlandırmış, təntənəli surətdə yubileylərini keçirmişdir. Bu sıradan xalq yazıçıları İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Anarın, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun, Maqsud İbrahimbəyovun, Hüseyn İbrahimovun, xalq şairləri Məmməd Arazın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin, Məhəmmədhüseyn Şəhriyarın, Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun adına keçirilən mərasimlər unudulmazdır.
Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Heydər Əliyev deyirdi:
“Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər.”
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edirdi. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı xeyli dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır. Keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsiə işlədiyi dövrdə Heydər Əliyev yenə də Azərbaycan mədəniyyətinin qayğısına qalırdı. Onun sayəsində Azərbaycan mədəniyyəti ümumdünya mədəni məkanında tanınır, sevilirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” eposunun, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin açılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Bu gün də bu irs layiqincə davam etdirilir. Ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətincə yetərincə qayğı, diqqət göstərilir, gənc istedadların tapılıb üzə çıxarılması üçün xüsusi şərait yaradılır.
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.