Heydər Əliyev və Ana dili

9

Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə,  daha da inkişafına qayğı göstərmişlər. Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır. Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəmin: “Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə ”. Yaxud, istiqlal şairimiz Xəlil Rza Ulutürkün: “Yad məktəbə verilir umudumun qalası, O qaraqaş, qaragöz Azərbaycan balası” – deməsi dilimizin sabahını düşünən böyük şairin vətəndaş etirazı idi. Bu gün dünyada 50 milyondan çox azərbaycanlı bu dildə danışır, öz milli mədəniyyəti, tarixi ilə haqlı olaraq qürur hissi keçirir, millətinin sabahı, gələcəyi barədə düşünür, müstəqil Azərbaycanla fəxr edir, qürur duyur. Xalqımız  laylalarını, nəğmələrini, nağıllarını, dastanlarını bu dillə qəlbinə hopdurur.

Belə bir ifadə var: “Ana dili, ana südü kimi ləzzətlidir insana”. Ana dilimizdə güldüyümüz, ağladığımız, danışdığımızdan aldığımız dadı, ləzzəti heç bir başqa dildən ala bilmərik. Ana dilini itirmiş, unutmuş bir kimsə, demək öz kültürünü, kimliyini də uduzub, əldən vermiş olur.

Ana dilini bilmək tarixdən gələn bir zərurətdir. Bizim min illər boyu həyat sürmüş xalqımız bu gün Azərbaycanın gənclərinə bir irs qoyub getmişdir. Həmin irs “Ana dili” adlanır və həmin irsi qorumamaq bizim öz vətəndaşlıq borcumuzu yerinə yetirməməyimiz deməkdir.

Tarix boyu xalqımız müxtəlif əsarətlərə məruz qalıb fars, ərəb, rus əsarəti və məhz həmin işğallar nəticəsində müəyyən dövrlərdə Azərbaycan xalqı müxtəlif dillərdə danışmışdır.

Ana dili nədir? O dil ki biz gözümüzü həyata açdıqdan bizim qulaqlarımızda cingildəyir, o dil ki bizi bütün dünyaya qovuşdurur və bizim kimliyimizi,hansı millətə məxsus olduğumuzu sübut edir.

Maraqlısı bizim hələ uşaq olarkən ana dilinə qulaq asmağımız və mənasının çox hissəsini başa düşməməyimizə baxmayaraq onu yenə də dinləməyimizdir və bu gün bu dili anladığımız halda çoxları ondan imtina edirlər. Ulu Öndərimiz Heydər Əliyev öz ana dilini bilməyən insanları şikəst insanlar adlandırırdı.

İnsanın öz ana dilinə olan ehtiyacı torpağa, çörəyə, havaya, suya olan ehtiyacı qədər zəruri və müqəddəsdir. Ana dili  hər bir millətin, xalqın satılıb alınmayan ən qüdrətli, ən qiymətli sərvətidir. Vətənimiz, dövlətimiz, sərvətimiz talan edilsə də, əlifbamız dəfələrlə dəyişdirilsə də, xalqın dilini, söz yaddaşını ondan almağa heç bir qüvvə qadir olmamışdır. Bu əvəzsiz nemətdən istifadə edən ulu əcdadımız onun vasitəsi ilə ucalmış, ucalaraq xalq olmuş, millətə çevrilmişdir. İnsanı kamil bir varlıq kimi digər canlılardan ayıran və onu dünyanın əşrəfi mərtəbəsinə qaldıran Yaradanın ona bəxş etdiyi dildir – nitqdir.

Tarixin ağrılı-acılı sınaqlarından uğurla çıxan ana dilimiz ən dəyərli milli mənəvi sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.

XX əsrin 70-ci illərinə qədər Azərbaycanda bu tarixi missiyanı qüdrətli söz ustaları yerinə yetirirdi. 70-ci illərdən sonra ölkəmizin iqtisadi, ictimai və siyasi sahələrində olduğu kimi, dilin inkişafında da dönüş dövrü başladı.

Ümumiyyətlə, Azərbaycan Respublikasında ana dilimizin istifadəsinin genişlənməsinə, ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən vətənini canından çox sevən müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

8

Azərbaycan xalqının taleyində sönməyən əbədi bir ulduz parladı. İti ağlı, dərin zəkası, uzaqgörənliyi və xalqsevərliyi ilə hamını heyrətdə qoyan ulu öndərimiz H.Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Onun öz sözlərindən sitat gətirmək yerinə düşər:

“Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir… İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Azərbaycan dili ilk dəfə Ş.İ.Xətainin dövründə yüksəklərə qaldırılmış diplomatik əlaqələr də bu dildə aparılmşdı. O, ana dilini şeir dili kimi ən yüksək zirvəyə qaldıraraq “Dəhnamə” kimi möhtəşəm bir dastan yaratmışdır.

Heydər Əliyev isə nə şair idi,  nə də dilçi alim, filoloq. Onun möhtəşəmliyi və əzəməti yeni bir stillə – natiqlik məharəti ilə üzə çıxdı. Heydər Əliyev dühası ilə dilimiz həm ölkəmizdə, həm də xaricdə diplomatik dil səviyyəsində ən yüksək zirvəyə çatdı. Ana dilinin zəngin söz ehtiyatından qidalanan bu dahi şəxsiyyət hamını öz dilində dindirib danışdırmaqda məharətli idi. O, ana dilimizin saflaşdırmağın canlı mücəssəməsi idi.

Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır.

Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında misilsiz xidmətləri olan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi:

“İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu böyük nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik.”

Dili milli amil kimi yüksək qiymətləndirən ulu öndər əvvəldə qeyd etdiyimiz kimi  ötən əsrin 60-cı illərindən başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl olaraq ana dilimizin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmişdir.

31O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması  və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən türk dünyasının lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və  kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq milli dillərin sıxışdırılması tədricən gücləndirilirdi. O vaxt “Vahid sovet xalqı”, “vahid dil” siyasəti nəinki geniş təbliğ olunur, hətta güclü şəkildə tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdi. Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Beləliklə, SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi.

Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və  bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Lakin uzaqgörənliyi ilə hər zaman siyasətçiləri təəccübləndirən Heydər Əliyev burada da öz dərin ağlı və dəmir iradəsi hesabına ana dilinin qorunmasına nail oldu. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Ulu öndərimizin həmin illərdə sovet respublikası rəhbərinin sələflərindən fərqli olaraq ana dilində çıxış etməsi, Azərbaycan dili dərsliyini hazırlamış dilçi-alimlərin dövlət mükafatına layiq görülmələri, Azərbaycan dilində yaradılmış mədəniyyət nümunələrinin dünyaya çıxarılması, bu nümunələri ərsəyə gətirən yaradıcı ziyalıların yüksək dövlət təltiflərinə layiq görülməsi, olunması və  bu yöndə atılmış digər addımlar dilimizin daha geniş təbliğ olunmasına zəmin yaratdı.

Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

Sonralar Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

XX əsrin 70-ci illərinin əvvəllərindən mənəvi mühitin sağlamlaşdırılması istiqamətində başlanan iş müstəqillik illərində də davam etdirildi. Min illər boyu ulu babalarımızın arzusu, istəyi müstəqillik illərində həyata keçmişdir. Ş.M.Xiyabani yazırdı: “Təkcə istəmək kifayət etməz, istəyi həyata keçirmək gərək”. Bu gün müstəqil Azərbaycan dövlətinin dili olan Azərbaycan dilinə istək də var, onun tətbiqi işinin təkmilləşməsinə şərait də.

Hamıya yaxşı məlumdur ki, 1992-ci ilin dekabrında (o zaman H.Əliyev Azərbaycan Respublikasına rəhbərlik etmirdi) Milli Məclis Azərbaycanda Dövlət dilinin türk dili adlandırılması barədə qərar qəbul etdi. Orta məktəb üçün ana dili dərslikləri “Türk dili” adı ilə nəşr edildi. H.Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər, hətta bir qədər sonra da, yəni Azərbaycan dili Dövlət statusu alana qədər biz həmin dərsliklərdən istifadə etdik. Hamı çaş-baş qalmışdı: gah Azərbaycan dili deyirdilər, gah da türk dili.

1993-cü ilin iyununda hakimiyyətə gələn və Milli Məclisin sədri kimi fəaliyyətə başlayan H.Əliyev “Azərbaycan dili” və ya “Türk dili” məsələsini 1995-ci ilin oktyabr, noyabr aylarında xalqın müzakirəsinə verdi. Müzakirələrdə ziyalılarla yanaşı, sadə xalq kütlələri də iştirak etdi. Qızğın mübahisələrdən sonra 1995-ci ilin 12 noyabrında Milli Məclisdə böyük mütəfəkkir müdrikliyi ilə H.Əliyev müzakirələrə yekun vurdu.

Nəhayət, bu məsələ Azərbaycan Konstitusiyasının 21-ci maddəsində öz əksini belə tapdı:

“Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. (Azərbaycan Respublikası Konstitusiyası. Bakı 1996, səh.10).

Siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev əvvəl başladığı zəngin irsi davam etdirdi. Milli-mənəvi dəyərlərimizin, dilimizin, mədəniyyətimizin qorunması sahəsində əməli addımlar atıldı.

2

2001-ci ilin iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və  2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar, daha sonra 2002-ci il sentyabr ayının 30-da 3 fəsil 20 maddədən ibarət “Dövlət dili haqqında” qanunun qəbul edilməsi, 2003-cü ilin yanvarın 2-də isə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” fərmanın imzalanması dahi Öndərimizin dilimizə, milli dəyərlərimizə göstərdiyi qayğının, ehtiramın həssas münasibətin əsl sübutu idi. Bununla da Azərbaycan dili – ana dilimiz özünün çiçəklənmə dövrünə qədəm qoydu. Ana dilimizin şərəfinə ölkəmizin böyük şəhərlərindən birində abidə ucaldıldı. Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili ulu öndər H.Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsini yaşamaqdadır.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli   yolları göstərilmişdir.                                              

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll edəcəkdir.

Ana dilimizə göstərilən xüsusi qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i Ana dili günü kimi qeyd olunur.

Beləliklə, bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz Ümummilli Lider Heydər  Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq, bizimlə, qəlbimzidə yaşayacaqdır.

İndi Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda, müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.