Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Və çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız olmuşdur. Yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə bizim qadınları bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, ən böyük dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyev dururdu. Tarixi şəxsiyyətlər tarixin məhək daşına çevrilərək zaman keçdikcə, yaddaşlara həkk olur, əsrlər boyu əbədiyaşar bir varlığa dönürlər. Dünyanın siyasət nəhənglərinin belə həsəd apardıqları Heydər Əliyev cənabları məhz belə şəxsiyyətlərdəndir. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dəvlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində, böyük xidmətlər göstərmiş Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərakatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, 1969-cu ildə – respublikamıza ilk dəfə rəhbər təyin olunanda qadın problemləri, qadınların inkişafı, onların irəli çəkilməsi haqqında dünya miqyasında söhbət gedirdi. Elə həmin dövrdə Heydər Əliyev cənabları qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsinə, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəməmişdi. Həmin illərdə neçə-neçə qadın “Sosialist Əməyi Qəhrəmanı”, “Qəhrəman ana” fəxri adları almışdı. Bütün bunlar ölkə başçısının xalqına göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi.
Dünya miqyasında ilk dəfə olaraq qadınlar və onların problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il qadın ili elan olundu. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağrıldı. II Ümumdünya qadın konfansı 1980-ci ildə Danimarkada, III – 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirildi. Hər dörd konfransın məramı “Bərabərlik, İnkişaf və sülh” idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi, qender məsələləri ön plana çəkilirdi. Azərbaycan qadınlarının bu bərabərliyi hələ 1918-ci ildə ölkəmiz müstəqilliyini ilk dəfə əldə etdiyi dövrdə bərqərar olmuşdu. Bu bərabərlik SSRİ dövründə də davam etdi. Ancaq dünyada elə dövlətlər var ki, həmin bərabərliyi 1950-60–cı illərdə və yaxud daha gec əldə etmişlər. Azərbaycan müstəqilliyini ikinci dəfə əldə etdikdən, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən (1993-cü il) sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Həmin il Pekində keçirilən IV Ümumdünya qadın Konfrasında iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı.
1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olmuşdur. Həmin il mərhum Ümummilli liderin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulmuşdur. Bu gün dünyada inkişaf etmiş elə dövlətlər var ki, onlar hələ də bu konvensiyaya qoşulmayıblar. Çünki onlar həmin konvensiyaya qoşulmağa hazır olmadıqlarını etiraf edirlər. Konvesiyaya qoşulmaq elə də asan iş deyil, bunun üçün respublikada əlverişli şərait olmalı və müəyyən müvafiq vəzifələr yerinə yetirilməlidir. Dövlətimizin keçid dövründə yaşamasına, ölkəmizdə müharibə getməsinə, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq bizim bu konvesiyaya qoşulmağımız mərhum Prezidentimiz Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Ölkəmiz bu konvensiyaya qoşulandan sonra görülən işlər haqqında BMT-yə hesabat verildi. Hesabat yüksək qiymətləndirildi və Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür məktubu gəldi.
Ümumilli liderimiz qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla 1988-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Probləmləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Qeyd etməliyik ki, bir çox ölkələrdə, hətta MDB ölkələrində belə xüsusi qadın komitələri yoxdur. Komitə yaranandan sonra Azərbaycan Respublikasının Qadın Probləmləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Bu planın tərtibində, Pekin konfrasının 12 müddəası nəzərə alınaraq, bütün dövlət qurumları və qeyri-hökümət qadın təşkilatlarının nümayəndələri iştirak ediblər. Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2000-ci il martın 6-da təsdiq edildi. Həmin gün Heydər Əlıiyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” fərman Dövlət Qadın Siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəddir.

Qloballaşama şəraitində dünyaya inteqrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlərdən bəhrələnir. Bu baxımdan dövlət 27 Konvesiyaya qoşulub. Onların içərisində “qadınlara münasibətlərdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında” (1979), “Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında” (1952), “Nigaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nigahların qeydiyyatı haqqında” (1962) konvensiyalara və digər sənədlərə Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.
Azərbaycanın qoşulduğu konvensiyaların bəzisinə Avropanın bir sıra ölkələri və hətta ABŞ da qoşulmayıb. Qadınların siyasi hüquqları haqqında konvensiyada qəbul olunmuş qanunların, qoşulduğumuz konvensiyaların müsbət təsirini hər birimiz hiss edirik. Son on il ərzində baş vermiş sosial proseslər, sosial-iqtisadi sferadakı islahatlar, mədəni-mənəvi intibah Azərbaycan qadınının psixoloji portretini dəyişmədi. Təşəbbüskarlığın artması Dövlət siyasətinin müxtəlif istiqamətlərində – təhsil, səhiyyə, məşğulluq, idarəçiliyə cəlb olunan siyasi fəaliyyətinin və s. gerçəkləşməsidir.
Heydər Əliyevin sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır. Azərbaycan Respublikası BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür. Buna uyğun olaraq, Komitə BMT-nin Qadınlarının Statusu üzrə Komissiyasının və Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin işində fəal iştirak edir. Həmçinin Komitə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir və bu təşkilatlar ilə qadınlarla bağlı bigə tədbirlər həyata keçirir. Avropa Şurasının üzv ölkələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan da Avropa Şurası ekspertlərinin iştirakı ilə 2002-ci il iyul ayında Bakıda “Demokratikləşmə prosesi: qadınların irəliləyişinə həsr edilmiş konfrans” keçirildi. Bu konfransda gender yanaşma milli mexanizmin gücləndirilməsi və Milli fəaliyyət planının həyata keçirilməsi haqqında təkliflər işlənib hazırlandı. 28-31 oktyabr 2003-cü il tarixində Avropa Şurasının Bərabərlik Bölməsi – İnsan Hüquqları üzrə Baş Direktoratlıq Qadın Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunmuş “Azərbaycanda bərabərlik və demokratiya” mövzusunda 2 seminardan ibarət layihə keçirlidi. Birinci seminar Qadın və Kişilər üçün bərabər hüquqlar və bərabər imkanlar haqqında qanun layihəsinin hazırlanmasına həsr edildi.
Qadınların kişilərlə hakimiyyət strukturlarında bərabər iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək davamlı demokratiyanın və cəmiyyətin inkişafının bir hissəsidir. Ötən əsrin ayrı-ayrı on illikləri tarix baxımından bir-birindən fərqləndiyi kimi, həmin dövrdə yaşayan insanların, xüsusən qadınların taleyi də xeyli fərqli idi. Bu cəhətdən 70-ci illərin qadının taleyi yaxşılığa doğru daha çox dəyişilmişdi. O zaman artıq ölkənin qanunvericilik orqanlarında qadınlar irəli çəkilir, yüksək vəzifələrə layiq görülürdülər. Əsrin əvvəllərində Azərbaycan qadınları arasında çox az sayda həkim vardısa, Heydər Əliyevin siyasi hakimiyyəti illərində respublika həkimlərinin 62 faizini qadınlar təşkil edirdi. Bununla yanaşı, o illərdə qadınlarımız elmin, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin incəsənət, mədəniyyət aləmində ən böyük uğurlarını qazanmışlar. Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir.Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyil. 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”.
1975-ci ilin beynəlxalq qadın ili elan olunması ilə əlaqədar Azərbaycanda da xüsusi komissiya yaradılmışdı. Həmin komissiyada respublikada qadın əməyinə dair görülmüş işlər müzakirə olunmuşdu. Bu, dünyada qadının nüfuzunun artması demək idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüququnun qorunmasında əlindən gələn köməyi əsirgəməmişdir. Ulu öndərimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Mərhum prezidentimiz hər çıxışında Azərbaycan qadının tarixən keçib gəldiyi böyük, şərəfli yoldan, onun yaradıcı dühasından qürurla söz açmışdır. Doğrudan da, həyatda elə bir qadın yoxdur ki, onda yaradıcılıq istedadı olmasın. Qadının ən böyük yaradıcılığı dünyaya övlad gətirməsidir.Bu övladı tərbiyə edib boya-başa çatdırmaq, onu həm fiziki, həm mənəvi cəhətdən sağlam bir insan kimi yetişdirmək isə əslində fədakarlıqdır. Hər bir ana öz balasını Vətən üçün ləyaqətli bir insan, kamil bir vətəndaş kimi görmək istəyir. Və bu istək naminə də özünü oda-közə vurub bütün varliği ilə çalışır, çarpışır. Ailə ocağının, övladlarının çırağı, pərvanəsi olan qadın cəmiyyətdə də əvəzsiz rol oynayır. XX əsri sona çatdırarkən qazandığımız böyük nailiyyətləri gözdən keçirəndə onların çoxunda qadınlarımızın xidmətini aydın görürük. Cəmiyyətimizin elə sahələri var ki, orada qadınlar daha çox fəaliyyət göstərirlər. Məslən, təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınlarımızın uğurlarından danışmaqla qurtarmaz. Ümumiyyətlə, ali məktəblərimizdə, universitetlərimizdə təhsil alan qızların sayı da oğlanlara nisbətən çoxluq təşkil edir. Bu o deməkdir ki, ölkəmizdə qadınlar öz hüquqlarından düzgün istifadə edirlər. Bizim görkəmli qadın alimlərimiz, yazıçı və bəstəkarlarımız, müğənni və aktrisalarımız, rəssam və heykəltəraşlarımız, həkimlərimiz, incəsənət və dövlət xadimlərimiz arasında adı Vətənimizin hüdudlarından kənarda da hörmətlə çəkilən qadınlarımız var. Azərbaycan ziyalıları əsrlər boyu belə bir əqidənin tərəfdarı olublar ki, əgər qadının təhsil almasına, onun hərtərəfli inkişafına şərait yaradılarsa, o özünün yüksək intellektual potensiala malik olduğunu sübut edə bilər. Bizim dahi öndərimizi Azərbaycan qadınlarının ictimai fəaliyyətini həmişə yüksək qiymətləndirmişdi. O deyirdi: “Mən Azərbaycan qadınlarının dövlət işində də fəliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyir. Məclisdə 124 deputatdan 12 faizi qadındır. Məlumat üçün bildirirəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvlərinin içərisində qadınların xüsusi çəkisi bu qədər deyildir. Mən buna çox böyük əhəmiyyət verirəm. Keçmişdə də – biz Sovetlər İttifaqının tərkibində olarkən parlamentimizdə qadınlar var idi. Ancaq biz Azərbaycanın müstəqilliyini əldə edəndən sonra ilk parlamentimizi seçən zaman qadınların parlamentdə çox sayda təmsil fəallığını nümayiş etdirirdi. Ümumiyyətlə, Dahi rəhbərimiz Respublikamıza rəhbərlik etdiyi ilk gündən qadınlara aid imzaladığı fərman və sərəncamlarda, qəbul etdiyi qərarlarda aşağıda sadalanan istiqamətləri dövlət qadın siyasətinin əsas mahiyyəti hesab etmişdir:
- qadınlara münasibətdə dəvlət siyasətinin əsas istiqamətlərinin, ona müvafiq proqramların hazırlanması;
- qadınların dövlət orqanlarının işində, ölkənin ictimai siyasi həyatında iştirakı, sahibkarlıq fəaliyyəti, onların yeni ixtisaslara yiyələnməsi, yenidən hazırlığı və ixtisaslarının artırılması;
- qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin gücləndirilməsi;
- qadınların əmək hüququn həyata keçirilməsi üçün təşkilati,iqtisadi və hüquqi məsələlərə dair;
- qadınların əməyinin, onların həyatının sağlamlığının müdafiəsinin, analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi;
- beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət cəmiyyəyləri ilə strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.
Dahi lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə onun imzladığı hər fərman ya bir başa, ya da dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəldilmişdir. Aparılan köklü islahatlar, iqtisadi problemlərin həlli həyatımızın çiçəklənməsi məqsədini daşıyır. Bu isə qadınlarımızın ən böyük istəyi, ülvi arzusudur. Bizim təəssübümüzü, qayğımızı çəkən belə bir dahi şəxsin rəhbərliyi altında işləyib, fəaliyyət göstərdiyimizə görə biz Ulu Tanrıya, taleyimizə minnətdarıq. Həm də fəxr edirik ki, bu el atasının həyatı və siyasi fəaliyyəti təkcə bu günümüz üçün deyil sabahımız, gələcək nəsillərimiz üçün də böyük ömək olaraq qalacaqdır.
Bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilçiliyinin genişlənməsinə çox böyük diqqət yetirir. İlham Əliyev cənablarının sərəncamları ilə həyatımızın müxtəlif sahələrində fərqlənmiş bir çox qadınlar yüksək mükafat və fəxri adlara layiq görülüblər. Ölkəmizdə beynəlxalq təcrübə tətbiq olunur, ailələrin rifahını yüksəldilməsi, qadınların ictmai-siyasi həyatda daha çox cəlb olunması, uşaqların hüquqlarının təmin edilməsi və onlar üçün zəruri şəraitin yaradılması yönündə ciddi işlər görülür. Bu gün Azərbaycan qadınından danışarkən Azərbaycanın I xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millətvəkili Mehriban xanım Əliyevanın adını çəkməmək olmaz. Ulu öndər Heydər Əliyevin “Vətənin, xalqın taleyi hər birimizin taleyinə çevrilməlidir”, “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilməlidir.
Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millətvəkili Mehriban xanım Əliyevanın bir vətəndaş kimi Azərbaycanın bu günü, gələcəyi üçün gördüyü, ölkəmizin tərəqqisinə verdiyi töhvələr hər birimiz üçün nümunə ola bilər. İlk öncə onun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərə diqqət yönəltmək istərdik. Müharibə şəraitində yaşayan, ermənilərin əsassız iddiaları nəticəsində 20 faiz torpaqları işğal olunan, 1 milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan bir ölkə üçün bu sahədə əldə olunan uğurların nə kimi əhəmiyyət kəsb etdiyi aydındır. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomların buraxılması təqdirə layiqdir. Belə ki, “Qarabağ həqiqətləri” kitabı ərsəyə gəlmişdir. Azərbaycanlıların soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra tədbirlər təşkil olunmuş, “Qarabağ həqiqətləri” kitabı tədbir iştirakçılarına çatdırılmışdır. Təbii ki, bu hadisə həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız tərəfindən müsbət dəyərləndirildi.
Milli irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımlar da göz qabağındadır. Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “Bir milləti dünyada tanıdan onun dili və mədəniyyətidir” fikrini hər zaman önə çəkərək bu yönümdə əhəmiyyətli addımlar atıb. Onun muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti milli-mənəvi dəyərlərimizə bağlılığının, vətənpərvərliyinin göstəricisidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətinə görə Mehriban xanım Əliyevanın mükafatlara layiq görülməsi təqdirəlayiqdir.
Təhsil millətin gələcəyidir. Bu günkü gündə, yəni Azərbaycanın müsir dövlətə çevrilməsi yönümündə addımların atıldığı bir zamanda elmin dərin sirlərinə yiyələnən, müsir texnologiyalardan istifadəni bacaran kadrlara böyük ehtiyacın olduğunu Prezident İlham Əliyev hər zaman bəyan edir. Təbii ki, bu məqsədin reallığa çevrilməsinə yardımçı olan ilk ocaq məktəblərdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb tikilmiş, əsaslı təmir olunmuş, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bunu nəzərə almaq lazımdır ki, müasir dövr informasiya texnologiyaları əsridir. Məktəblər kompüterləşdirilmiş, şagirdlərin bilik və bacarıqlarının artırılması üçün hər cür şərait yaradılır. Son üç ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 130-dan artıq məktəb tikilib, əsaslı təmir olunub.
Səhiyyənin də inkişafına diqqət Mehriban xanım Əliyevanın fəliyyətində mühüm yer tutur. Fiziki cəhətdən qüsurlu uşaqları daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xeyli sayda xəstə uşaqlar dünyanın nüfuzlu səhiyyə ocaqlarında müalicə alıb, öz sağlamlıqlarını bərpa ediblər. Bu xeyirxahlığın, mərhəmətin nəticəsidir ki, Fonda hər gün yüzlərlə təşəkkür məktubları daxil olur, öz problemlərinin, qayğılarının həlli üçün Mehriban xanım Əliyevadan kömək istəyir, bu müraciətin cavabsız qalmayacağına böyük ümidlər bəslənilir. Mehriban xanım Əliyevanın çıxışlarında hər zaman bu fikir önə çəkilir: “Yaxşılıq,mərhəmət mənim üçün ümdə anlayışdır.”
Xeyirxahlıq, yaxşılıq, mərhəmət kimi ali mənəvi dəyərləri fəaliyyətinin əsas istiqamətinə çevirən Mehriban xanım Əliyeva uşaqlara da daim diqqət və qayğısını əsirgəmir. Mütəmadi olaraq körpələr evinə baş çəkən, onların qayğıları ilə maraqlanan Mehriban xanım Əliyeva ana nəvazişindən məhrum olan körpələrin məhəbbətini qazanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyli sayda uşaq evləri, internat məktəbləri tikilmiş, təmir-bərpa işləri görülmüşdür. Hər bir bayram günlərində uşaqların əhatəsində olmağa çalışan, onlara maddi və mənəvi dəstək olan Mehriban xanım Əliyeva ulu öndər Heydər Əliyevin “uşaqlar bizim gələcəyimizdir” tezisini əsas tutur, gördüyü işlərlə bunu təsdiqləməyə çalışır. Sadalananlar Mehriban xanım Əliyevanın gördüyü işlərin çox az hissəsidir. Bunlara ona görə nəzər saldıq ki, Azərbaycan qadınına böyük dəyər verən, Azərbaycan qadınını daim zirvələrdə görmək istəyən dahi öndərimizin öz ailə üzvləri də onun arzularını reallaşdırır, bu siyasəti, bu amalları davam etdirirlər. Bu gün məhz həmin ailənin nümayəndəsi olan Mehriban xanım Əliyeva da Azərbaycan qadınıdır və hər bir Azərbaycan qadınının örnək götürə biləcəyi bir insandır.
Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.