Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirildi

09 iyun 2023-cü il tarixində Ağcabədi şəhər Uşaq musiqi məktəbinin, Uşaq Gənclər inkişaf Mərkəzinin, Şəhər bağçalarının,YAP Ağcabədi rayon Təşkilatının, Ağcabədi Rəsm Qalareyasının və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivinin iştiraki ilə “Qurtuluş Tariximiz” mövzusunda tədbir keçirildi. Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva qurtuluş tariximizdən ətraflı danışaraq bildirdi ki, İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən dahi lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Daha sonra YAP Ağcabədi rayon Təşkilatının aparat rəhbəri Nazim Bünyatov və Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxış edərək qeyd etdilər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Tədbirin bədii hissəsində Ağcabədi şəhər Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında Elşad Baratın “Onu Zaman Seçib” adlı şeir kompazisiyası səsləndirildi. Sonda Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Deyəndə Səni Düşünürük Biz” adlı inşa-yazı müsabiqəsinin qalibləri 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Əliyeva Aysel Hüseyn qızı 1-ci yer, Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Hacızadə Sevinc Ceyhun qızı 2-ci yer və S.Vurğun adına 4 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Abdullayev Cahid Rüsəm oğlu 3-cü yer olmaqla Mərkəzin diplomları ilə təltif olundu. Tədbir iştirakçıları həmçinin “Qurtuluşdan Başlayan Tərəqqi” adlı sərgi ilə yaxından tanış oldular.

Bir şərh yazın