Heydər  Əliyevin Dağlıq Qarabağ probleminin həlli üçün atdığı addımlar

1.jpg

Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. 

Heydər  Əliyev

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Həmin maddənin II hissəsində isə göstərilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

Qeyd edilən maddənin III hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər. Beləliklə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi beynəlxalq hüququn bir prinsipi kimi qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyev bununla bağlı demişdir: “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”.

Hazırda Azərbaycan torpaqlarının 20 faizi bədnam qonşumuz Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Erməni təcavüzü nəticəsində respublikamızın torpaqlarının 20 faizi işğal edilmiş, 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğində ziyan dəymişdir.

Bir sıra kütləvi-informasiya vasitələrinin verdiyi məlumata görə, Kəlbəcərdə olan qızıl yataqlarının Ermənistan Respublikası tərəfindən qanunsuz emal edilməsini, işğal olunmuş ərazilərdə kütləvi yanğınlar törədilməsini nəzərə alsaq, Azərbaycana dəymiş ziyan günbəgün artır.

Müstəqil Azərbaycan Respublikası torpaqlarının Ermənistan tərəfdən işğalının əsası, əslində, 19-cu əsrin əvvəllərində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

Sovet dönəmində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasına birləşməsi haqqında Ermənistan rəhbərliyi tərəfindən vaxtaşırı cəhdlər edilmiş, lakin bu cəhdlərin qarşısı həmin vaxtlar alınmışdı. Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərmişdir.

Bu haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: “… 1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu.”

Ümummilli lider Heydər Əliyev daha sonra demişdi: “Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma, qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.

Ümummilli lider Heydər Əliyev SSRİ rəhbərliyində – Sov. İKP MK Siyasi Bürosunun üzvü, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi müddətdə erməni şovinistlərinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında cəhdləri qətiyyətlə dəf edilmişdi. Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi M.Qorboçovun məkrli siyasəti nəticəsində Heydər Əliyev “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açıılır. M.Qorboçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi akademik A.Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış edir və 1988-ci ilin fevralında məlum Dağlıq   Qarabağ hadisələri başlayır.

Ümummilli lider Heydər Əliyev keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra ermənilər və onların havadarları, xüsusilə, əl-qol açırlar, artıq bu zaman məlum Dağlıq Qarabağ hadisələri intensiv surətdə genişlənir və dərinləşir.

3.jpg

1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıb və Birləşmiş Millətlər Təşkilatı münaqişənin həllini ATƏT-in himayəsinə verib. ATƏT də Minsk qrupunu yaradıb. Minsk qrupuna 12 dövlət daxildir. Həmin vaxtdan 15 il keçməsinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vaxtaşırı dəyişməsinə baxmayaraq, bu münaqişənin ədalətli həlli indiyədək təmin edilməmişdir.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır. Lakin heç kəsdən gizli deyildir ki, dünyada ikili standartlar mövcuddur.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 30 aprel 1993-cü il tarixdə 822 №-li, 29 iyul 1993-cü ildə 853 №-li, 14 oktyabr 1993-cü ildə 874 №-li və 11 noyabr 1993-cü ildə 884 №-li qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə BMT Təhlükəsizlik Şurası, əslində, Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixdə 822 №-li qətnaməsinin 1-ci bəndində göstərilir ki, atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını tələb edir.

BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il tarixli 853 №-li qətnaməsinin 3-cü bəndində göstərilir ki, bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamənin 9-cu bəndinə əsasən Şura Ermənistan Respublikası hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 №-li qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk qrupunun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır.

BMT Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cü il tarixli 874 №-li qətnaməsinin 3-cü bəndinə əsasən, 822 və 853 №-li qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilməsini alqışlayır. BMT kimi mötəbər beynəlxalq təşkilatın bu qətnamələri bu günə kimi icra edilməmişdir.

Nəhayət, BMT Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il tarixli 884 №-li qətnaməsinin 4-cü bəndində Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), (S/26522, əlavə) saylı qətnamələrinin yerinə yetirilməsini, hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılmasını, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından qəsbkar qüvvələrin çıxarılmasını maraqlı tərəflərdən tələb edir.

Burada haqlı sual meydana çıxır. Əgər BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər təşkilatın qətnamələri indiyə kimi icra edilmirsə, onda bu qərarlar kimin üçün və nəyə görə qəbul edilir?! Bütün bunlar dünyada hələ də beynəlxalq səviyyədə müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını bir daha təsdiq edir.

BMT-nin San-Fransisko şəhərində 26 iyun 1945-ci il tarixdə qəbul edilmiş nizamnaməsinin 39-41-ci maddələrinə əsasən Təhlükəsizlik Şurası iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsi kimi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edə bilər. Lakin BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrinin bu günə kimi Ermənistan tərəfindən yerinə yetirilmədiyi halda, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilməmişdir.

Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır. Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Məclisinin 61-ci sessiyasında müzakirəyə çıxarılması Ermənistanda siyasi atmosferi gərginləşdirməkdədir. Rəsmi İrəvanın məsələyə soyuqqanlı yanaşmağa çalışması erməni siyasətçilərinə münaqişənin BMT səviyyəsinə çıxarılmasının Ermənistan üçün nə dərəcədə təhlükəli olduğunu demələrinə maneçilik törətmir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqelərinin getdikcə möhkəmlənməsi erməni siyasətçilərini son hadisədən hakimiyyət uğrunda mübarizədə yararlanmağa vadar edir.

Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzduğunu başa düşür. Bu ölkənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrdən kənarda qalması, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması iqtisadi sahədə qazandığı uğurlarıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin BMT-nin Baş Məclisinin sesssiyasına çıxarılması, BMT, AŞ, AB, İKT kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması isə onun siyasi-diplomatik “uğurları”ndan xəbər verir.

Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Prezident Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı çıxışında demişdir: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır… Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin prioriteti olaraq qalır.

Böyük öndər Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı hesab edilən İlham Əliyevin məqsədönlü fəaliyyəti nəticəsində qondarma Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır. Əgər bu mümkün olmasa, Ali Baş Komandan kimi, ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan xalqı, onun Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı silah gücünə azad edəcəkdir. Bu Azərbaycan xalqının təbii, ayrılmaz və konstitusion hüququdur.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.