Tərcümeyi–hal

3

Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam

Heydər Əliyev

Dahi şəxsiyyət, müdrik dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın qədim Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan o dövrdə çox qədim adətləri saxlayan, bununla yanaşı müasirliyə meyl edən intellektual zəkalarla qüdrətli olan bir şəhər idi. Çoxuşaqlı bir ailədə doğulan Heydər Əliyev o ailədə 8 övladdan dördüncüsü idi. Atası Əlirza Əliyev dəmir yol işçisi, anası İzzət xanım isə evdar qadın idi. Lakin ilk baxışdan çox sadə görünən bu ailə Azərbaycan xalqına 3 alim akademik, 1 xalq rəssamı, 2 elmlər namizədi, 1 general sərkərdə bəxş etmişdir.

images (14)Heydər Əliyev 1938-1939-cu illərdə Naxçıvan Pedeqoji Texnikumunda oxumuşdur. Heydər Əliyevin maraq dairəsi çox geniş olmuşdur. Hələ Naxçıvan ibtidai məktəbində oxuyarkən o məktəb tamaşalarında tez-tez iştirak etmiş, həmişə şahzadə, sərkərdə rollarında oynamışdır. Çünki, onun gözəl qaməti, gözəl diksiyası, gözəl natiqlik istedadı olmuşdur. Bundan əlavə Heydər Əliyev gözəl rəsmlər çəkirdi. Bu rəsmlərdən bir neçəsi bizim dövrə qədər gəlib çatmışdır. Beləliklə, onun fitri istedadı, gözəl qabiliyyəti hələ uşaqlıqdan özünü biruzə verməyə başlamışdır. 1939-cu ildə Naxçıvan Pedeqoji Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev həmin ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. O, memar olmaq arzusu ilə yaşayır və 1941-ci ilə qədər orda uğurla təhsil alır. Ancaq təəssüf ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayır və o, təhsilini yarımçıq qoymalı olur. 1941-ci ildə Heydər Əliyev Naxçıvan MSSR Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana çağrılır. Gənc olmasına baxmayaraq o, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir vəzifə- şöbə müdiri vəzifəsində çalışır. 1944-cü ilə qədər bu vəzifədə işləyir. 1944-cü ildə rus dilini gözəl bildiyinə və çox məsuliyyətli olduğuna görə irəli çəkilir və Dövlət Təhlükəsizlik Orqanlarında işə başlayır (ən kiçik rütbədə – leytenant rütbəsində) və həmin illərdə Leninqradda xüsusi ali təhsil almışdır. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirir.

images (8)

1964-cü ildən Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri təyin edilmişdir. Bu dövrdə o, artıq general-mayor rütbəsinə qədər yüksəlmişdir.

AKPMK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev AKPMK-nın katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Həmin dövrdə imperiya siyasətinin qəlizliyi, çətinlikləri onun iradəsini qıra bilməmişdi. Zəngin həyat təcrübəsi olan Heydər Əliyev bu çətinlikləri asanlıqla dəf edirdi. Nəticədə ölkəmiz gündən-günə çiçəklənir, paytaxt və digər bölgələrdə yeni yaşayış massivləri salınır, bir-birindən yaraşıqlı mədəniyyət və idman sarayları, sosial obyektlər tikilir, Sovetlər İttifaqının digər Respublikalarında fəaliyyətə başlayacaq fabrik, zavod və iri sənaye müəssisələri ünvanı dəyişərək Azərbaycanda inşa edilirdi. Hərbi məktəblərin Bakıda yerləşdirilməsi də onun uzaqgörən siyasətinin nəticələrindən biri idi. O, bilirdi ki, Azərbaycanın nə vaxtsa öz ordusu olacaq və bu orduya milli zabit zəruridir. Və çox çətinliklə də olsa Heydər Əliyev azərbaycanda ilk ali hərbi məktəbin – Cəmşid Naxçıvanski adına hərbi litseyin açılışına nail olur.

Bilirik ki, millətin millət kimi formalaşması, tanınması üçün əsas ünsürlərdən biri onun dövlət dilinin olmasıdır. Cənublu şair Məmmədbağır Niknamazın şeirindən bir bəndə baxaq:

Bir millətin yurdun xarab eyləsən,

Yenə özün yığışdırar o millət.

Dilin alsan,bağrın kabab eyləsən

O milləti məhv eyləyər fəlakət.

Lakin Heydər Əliyev bu maneəni də dəf edə bilmişdi. Sovetlər İttifaqının üç republikasından biri Azərbaycan idi ki, Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tətbiqinə nail olmuşdu. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Və qeyd etdiyimiz kimi, Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.

Dövr baxımından, sözün əsl mənasında, qəhramanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdır. Azərbaycan dilinin idarəçiliklə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tətbiqi və nəşri – bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Ümumiyyətlə, Siyasi Bürodakı tutduğu mövqe hər şeydən öncə Azərbaycan və azərbaycanlı adına ucalıq gətirirdi. Əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi, iqtisadi inkişafı xarici iqtisadiyyatına daha dərindən inteqrasiya olunması 1970-1984-cü illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. Məhz həmin illərdə Heydər Əliyevin səyi və inadkarlığı sayəsində SSRİ höküməti respublikamızda xalq təsərrüfatının hər tərəfli yüsəlişi və inkişafı üçün 5 xüsusi qərar qəbul etmişdir. Bu qərarlarda Azərbaycanın sosial-iqtisadi inkişafının əsasları müəyyənləşmiş, bütün sahələrdə məhsuldarlıq artmış, kənd və qəsəbələrimizin siması bütövlükdə dəyişmiş, ölkəmiz öz inkişafı ilə bütün dünyada tanınmağa başlamışdı.

Milli sərvətimiz olan neftin hasilatı və emalı sahəsində də 1970-1985-ci illərədə bir sıra mühüm işlər görülmüşdür. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ümumittifaq büdcəsindən ayrılan vəsait hesabına köhnə avadanlıq və texnalogiya əsasında işləyən neft emalı müəssisələrində iri miqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Bugünkü, neft siyasətinin, neft strategiyasının təməli məhz o dövrdə qoyulmuşdur.

Bunlardan əlavə, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrə Heydər Əliyevin gərgin əməyi sayəsində göstərilən qayğı yalnız Azərbaycanın mənafeyinə xidmət edirdi.

Heydər Əliyev 1982-ci ilin noyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin l müavini təyin edilmiş və sovet dövlətinin aparıcı rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda da həmişə Azərbaycanı düşünmüş onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız keçmiş SSRİ məkanında deyil, həm də dünyada tanınması üçün əlindən gələni etmişdir. O, 1987-ci ilin oktyabrında Sov.İKP MK Siyasi Bürosunun şəxsən baş katib Mixail Qorboçovun yeritdiyi səhv siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa vermişdir.

1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində siyasi bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmşdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda daha sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.

1993-cü ilin may-iyun aylarında hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan ali sovetinin sədri seçildi. İyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1

1993-cü ilin 3 oktyabrında ümumxalq səs verməsi nəticəsində Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçildikdən sonra ilk növbədə 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistanla Azərbaycan arasında Atəşkəs sazişinin imzalanmasına nail olur. Bununla da günahsız axıdılan qanların, günahsız qurbanların qarşısı alınır.

Heydər Əliyev fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasət hazırlayıb reallaşdırmaq, ölkə iqtisadiyyatını böhran vəziyyətindən qurtarıb dirçəliş, sonra isə inkişaf yoluna çıxarmaq idi. Bu baxımdan ilk və həyati əhəmiyyətli addım müstəqil Azərbaycanın yeni neft strategiyasının  işlənib hazırlanması olmuşdur. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə (ABŞ, Rusiya, Norveç, Türkiyə, Səudiyyə Ərəbistanı) “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyev nəinki, neft strategiyasının təməlini qoydu, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini müəyyən etdi. Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqirasiyasının təməlini qoydu və bundan sonra, indiyədək 30-dan çox xarici şirkətin iştirakı ilə 25 müqavilə imzalanmışdır.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi qısa bir zamanda bəhrəsini verməyə başladı. 1997-ci ilin axırlarına yaxın bu müqavilə çərçivəsində ilkin neftin hasilatına başlandı. “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilmiş tədbirlərə milyardlarla dollar vəsait xərclənmiş, Azərbaycanda minlərlə iş yeri açılmışdır.

Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsinin zirvəsi Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri lahiyəsidir. Onun təşəbbüsü ilə 1998-ci ilin 29 oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin tikintisi ilə bağlı “Ankara bəyannaməsi” imzalamışlar. BTC-nin reallaşması, “Əsrin müqaviləsinin” imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. 2002-ci ildə, sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. 2006-cı ilin mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmış, bu hadisə Ümummilli Liderimiz Heydər Əliyevin yeni neft strategiyasının əməli nəticəsi olmaqla, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi olmuşdur.

10 (1)

Bakı-Tiblisi-Ceyhan neft kəmərinə vurulan xam neftin Türkiyənin Ceyhan terminalına çatması “Üç dəniz əfsanəsi”ni reallığa çevirdi. May ayının 28-də Azərbaycan nefti tarixdə ilk dəfə olaraq Aralıq dənizindən dünya bazarına göndərildi. Hazırda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu boru kəməri layihəsini bəziləri qeyri-real, kommersiya baxımından səmərəsiz lahiyə kimi qəbul edirdi. Nəticə isə göz qabağındadır.

Regional inteqrasiya prosseslərində fəal iştirak etmək Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsidir. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi qloballaşma baxımından ölkəmizin təkcə regional lahiyələrdə deyil, həm də beynəlxalq lahiyələrdə əhəmiyyətini artırmışdır. 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə GÜÖAM-təşkilatının yaradılması bir sıra dövlətlərin mənafelərinin siyasi və iqtisadi cəhətdən birləşdirliməsi yolunda ilk addım olmuşdur.

Azərbaycan Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASEKA – Böyük İpək yolunun bərpası lahiyəsinin təşəbbüsçülərindən biri və onun fəal iştirakçısıdır. Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir və onun iştirakı olmadan burada hər hansı irimiqyaslı lahiyə keçirilə bilməz.

Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra qeyd olunduğu kimi, ilk növbədə Azərbaycanın real vəziyyətini nəzərə alaraq  cəbhədə atəşkəs rejiminə nail oldu, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhtləri zamanı Heydər Əliyev öz xalqı ilə birgə ağır sınaqlardan uğurla çıxdı. Respublikada ictimai-siyasi sabitlik tam bərqərar edildi. Heydər Əliyev müstəqil dövlətin ilk konstitusiyasının qəbuluna nail oldu. Konstitusiya lahiyəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Ulu öndər Azərbaycanda söz, mətbuat azadlığını bərqərar etdi, ölkə iqtisadiyyatını dirçəltdi, ayağa qaldırdı, kənd təsərrüfatı, sənaye, təhsil və səhiyyə sahəsində islahatların aparılmasına geniş imkanlar açdı. Azərbaycan bazar iqtisadiyyatı yolunu seçərək inkişaf etməyə başladı. Azərbaycanın beynəlxalq təşkilatlara qəbul olunması da dahi rəhbərin uğurlu siyasətinin nəticələrindən idi.

13

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Onun fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.

Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynalxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.

Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabr ayının 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında vəfat etmişdir. Bu gün o, cismən bizimlə deyil. Lakin Azərbaycanın ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz oğullarından biri, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan daim bu xalqın ürəyində yaşayacaq.

Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də var! Azərbaycan xalqı isə əbədi yaşayacaq və Heydər Əliyev də öz xalqı ilə birgə əbədi yaşayacaqdır.

Hazırladı: Ağcabədi rayon Heydər Əliyev Mərkəzi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.