Ağcabədidə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib

İyunun 23-də Silahlı Qüvvələr günü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının iclas zalında “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, “N” saylı hərbi hissənin zabit və əsgər kollektivi, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, eləcə də mətbuat mənsubları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Umummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra qonaqlar YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş səyyar sərgi ilə tanış olublar.

Konfransı açıq elan edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhadətə ucalan qəhrəman Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nitqini davam etdirən Rövşən Əhmədov çıxışında 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldığını bildirib. Rövşən Əhmədov vacib bir məqama da toxunaraq qeyd edib ki, 1994-cü il may ayının 12-də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Azərbaycanda ordu quruculuğunun sürətlənməsi, maddi-texniki təminatın yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, bir sözlə, Milli Ordumuzda döyüş ruhunun yüksəlməsinə səbəb olub. YAP Ağcabədi rayon təşkilatının sədri təməli Ulu Öndər tərəfindən qoyulan hərbi sahədəki islahatların onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, görülən işlərin məntiqi nəticəsinin 2020-ci ilin sentyabr ayında başlayan və cəmi 44 gündə Qəhrəman Ordumuzun Şanlı Qələbəsi ilə başa çatmasına gətirib çıxardığını vurğulamışdır.

Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Qabil Rzayev, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, “N” saylı hərbi hissənin qərargah rəisi Vüqar Tağıyev və komandir müavini Elcan İsayev, şəhid atası Rəşad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, I Vətən müharibəsi qazisi Ramil Nağıyev Ümummilli Liderin ordu quruculuğunun inkişafı üçün gördüyü əvəzsiz xidmətlər, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğullarının düşmən üzərində qazandığı qələbə haqqında ətraflı məlumat veriblər.

Çıxışlardan sonra Müzəffər Azərbaycan Ordusuna həsr edilmiş film nümayiş olunub.

Konfrans iştirakçıları yekunda xatirə şəkli çəkdiriblər.

Bir şərh yazın